Sülhə vasitəçi gərəkdir?
ELÇİN ALIOĞLU YAZIR

Azərbaycanla Ermənistan arasındakı danışıqların sülh müqaviləsi ilə nə zaman başa çatacağı hələ bəlli deyil. Təxminlər, təhlillər, şərhlər və ehtimallar çoxdur.

 

ABŞ, Avropa İttifaqı, Fransa və Rusiyanın da prosesə müdaxilə etməyə çalışmaları vəziyyəti sadələşdirərək yüngülləşdirmək əvəzinə daha da ağırlaşdırır.

 

... 32 ildən çoxdur ki, Azərbaycanla Ermənistan arasında heç bir diplomatik əlaqələr, ticari münasibətlər, iqtisadi və ya maliyyə əməliyyatları yoxdur. Daha dəqiq olsaq, Azərbaycanla Ermənistan dövlət müstəqilliyi elan etdikləri gündən bəri belədir.

 

Azərbaycan ərazilərinin 20 faizini işğalda saxladığı 30 il ərzində Ermənistan eyforiyaya qapılmışdı və hətta "azərbaycanlılarla ermənilər genetik səbəblərdən birlikdə yaşaya bilməzlər" tipli bəyanatlar rəsmi İrəvanın ideologiyasına çevrilmişdi.

 

Təbii ki, Bakı da düşmənlə hər hansı əlaqələr yaratmadı və yaratmaq niyyətində deyildi. Savaşın qanunlarının tələbi işğalçıya qarşı tam müqavimət və torpaqların azad edilərək işğala son qoyulması üçün bütün vasitələrdən istifadəni nəzərdə tuturdu.

 

Bakı ilə İrəvan arasındakı sülh danışıqlarında vasitəçilik etmək istəyən ABŞ və Rusiya obyektiv davrandıqlarını, hətta onların diplomatiyasının bəzi məqamlarının Cənubi Qafqaza inikasını vacib saydıqlarını vurğulayırlar.

 

Halbuki Rusiyanın Ukraynada iki il əvvəl başladığı hərbi əməliyyatlardan sonra Moskva və Vaşinqton faktiki düşmən mövqelərdədir. ABŞ Ukraynaya külli miqdarda silah və sursat verir, maliyyə yardımları edir, hətta Kiyevə yolladığı uzaqməsafəli raketlərlə Rusiyanın həmsərhəd bölgələrindəki hədəflərin vurulmasına rüsxət verir. ABŞ-ın başçılıq etdiyi Qərb koalisiyasının Rusiyaya qarşı 14030 restriksiya, yəni sərt cəza sanksiyaları tətbiq etdiyini də xatırlasaq, Vaşinqtonla Moskva arasında hansısa ticari əlaqələrin inkişafı paradoks təsiri bağışlayar.

 

Amma belə deyil.

 

Apreldə Rusiya ilə ABŞ arasında ticarət dövriyyəsi illik müqayisədə 20% artaraq 332 milyon dollara çatıb.

 

Aprel ayında Rusiyanın ixracı 37% artaraq 298 milyon dollara çatıb. Gübrələr ABŞ-ın Rusiyadan idxal etdiyi əsas məhsul olaraq qalır. Onların tədarükü 1,6 dəfə artaraq 164 milyon dollara çatıb. Sonra platin gəlir - tədarüklər keçən illə müqayisədə 32 dəfə artaraq 94,2 milyon dollar təşkil edib. Rusiyanın ABŞ-a ixrac etdiyi ilk 3 məhsula turbojet mühərriklərinin hissələri də daxildir - onların satışları illik hesablamada üç dəfə artıb.

 

Birləşmiş Ştatların rəsmiləri bir tərəfdən Rusiyaya tətbiq edilən sanksiyaların "gözlənilən effekt"i vermədiyini vurğulayır, digər tərəfdənsə Rusiya ilə ticari dövriyyəni artırırlar.

 

Belədirsə, özlərini "geosiyasi nəhəng" və "böyük güclər" adlandıran dövlətlərin subregional strategiyası, xüsusilə də Cənubi Qafqazla bağlı taktikası şübhə doğurur.

 

ABŞ və Rusiyanın bölgəmizdəki proseslərə, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı danışıqlara vasitəçilik missiyası ilə müdaxilə niyyətləri bir qədər şübhəli təsir bağışlayır.

 

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına gəldikdə isə ABŞ, Avropa İttifaqı, Fransa və Rusiya 2022-ci ildən "prosesi diqqətlə izlədiklərini" və "müsbət təşəbbüsləri dəstəklədiklərini" vurğulayırlar.

 

Günün əsas sualı isə budur: Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi bu ilin sonunadək imzalana bilərmi?

 

Cavab vermək çətindir, çünki rəsmi Bakının bütün təşəbbüslərinə və xoş məramına rəğmən, Ermənistanın hakimiyyət dairələri prosesi ləngitmək, sürəkli qaydada yeni süni maneələr uydurmaqla məşğuldur.

 

Bakı indi COP29 sammitinə hazırlıqla məşğuldursa, İrəvandakı hakimiyyət erməni kilsəsi, ABŞ-Fransa-Rusiya triosundakı erməni diasporu və Ermənistandakı "qarabağlılar klanı"nın birgə fəaliyyətinin "simvolu" kimi etiraz aksiyalarına rəhbərlik edən arxiyepiskop Baqratın, yəni Vazgen Qalstanyanın iqtidara qarşı fasiləsiz hücumlarının qarşısını almaqla məşğuldur.

 

Əsas problem isə Ermənistanın mövcud qanunvericiliyi ilə bağlıdır. Sülh sazişi nəinki Azərbaycan-Ermənistan münaqişəsinin başa çatmasını sənədləşdirməli, habelə bu formatda qarşıdurmanın gələcəkdə hər hansı şəkildə təkrarlanmasının qarşısını almalıdır.

 

Ermənistanın Dövlət Müstəqillik Bəyannaməsində, sonra da Ermənistan Konstitusiyasının preambulasında yer alan "Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistan ərazisidir" ifadəsi Azərbaycana qarşı birbaşa, açıq və konkret şəkildə ərazi iddiasıdır.

 

Problem bununla bitmir: Ermənistan qanunvericiliyində Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da ərazi iddiaları var.

 

Ermənistanın baş naziri Nikol Paşinyanın ermənilərə xitabən "tarixi Ermənistan" mifini unudaraq real Ermənistan gerçəkliyini qəbul etmək çağırışı da rəsmi İrəvanın sözügedən iddiaların ermənilər üçün nə qədər təhlükə kəsb etdiyini qismən də olsa, anladığını göstərir.

 

A.Mirzoyanın sözlərinə görə, rəsmi Bakının Ermənistanın Konstitusiyasının preambluasında yer alan ərazi iddiaları ilə bağlı bəyanatları sən demə, «İrəvanın daxili işlərinə qarışmaqdır». Bundan başqa, Azərbaycanın 1918-ci ilin mayın 28-də yaradılmış Azərbaycan Demokratik Respublikasının varisi olması ilə bağlı Konstitusiyamızda yer alan bəndi də ermənilər özləri üçün təhlükəli sayırlar. Onlar Konstitusiyamızda dəyişikliklərin edilməsini tələb edirlər. Ali qanunumuzda heç bir ölkəyə qarşı ərazi iddiası olmadığından nəyi və niyə dəyişmək gərəkdiyi bəlli deyil.

 

Hazırkı vəziyyəti qısa səciyyələndirsək, situasiya belədir:

 

1. Azərbaycan hesab edir ki, sülh müqaviləsi yalnız Ermənistanın mövcud qanunvericiliyində zəruri dəyişikliklərdən sonra imzalana bilər.

 

2. Ermənistan hesab edir ki, əvvəlcə sülh müüqaviləsi imzalanmalı, qanunvericilikdə dəyişikliklərin reallaşması prosesi sonradan reallaşmalıdır.

 

Ermənilərin belə mövqeyi təbii ki, sülh danışıqları prosesində yeni və süni maneələr yaratmaqla yanaşı, İrəvanın digər məqsədini də ortaya qoyur: Nikol Paşinyan hakimiyyəti bütün imkanları işə salaraq danışıqlar prosesində vasitəçi qismində ABŞ, Avropa İttifaqı və ya Fransanın aktiv iştirakına nail olmağa çalışır.

 

Belə vasitəçilik missiyası nə dərəcədə uğurlu ola bilər - bunu ötən 30 il ərzində gördük.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.