"Kabil “İŞİD” terror təşkilatı ilə “Taliban” hərəkatı arasında döyüş meydanına çevrilə bilər".
Bunu NATO-nun rəsmi nümayəndəsi, Əfqanıstandan mülki əhalinin təxliyə əməliyyatlarının əlaqələndiricisi, İtaliyanın Pakistandakı keçmiş səfiri Stefano Pontekorvo deyib.
Onun fikrincə, Kabil hava limanındakı hücumlar hələ epizodik xarakter daşıyır, yaxın gələcəkdə vəziyyət daha da pisləşə bilər.
Alyans rəsmisinə görə, indiki mərhələdə, “Taliban” hər hansı idarəetmə strukturunun olmaması səbəbindən “İŞİD”i dayandırmaq iqtidarında deyil. "Taliban" sistemi bərpa etmək istəyir, lakin bu, zaman alacaq: "Eyni zamanda onlar ölkə ərazisinə tam və mütləq nəzarət etmirlər".
Azvision.az xatırladır ki, avqustun 26-da Kabil hava limanı yaxınlığında terrorçu-kamikadzelər tərəfindən terror aktları törədilib. Son məlumatlara görə, hücumda 13-ü Amerika əsgəri olmaqla 103 nəfər həyatını itirib. Əfqanıstanda hakimiyyəti ələ alan "Taliban" hadisəni şiddətlə qınayıb və günahkarların məsuliyyətə cəlb olunacağına söz verib.