
Alban-Udi xristian dini icmasının üzvləri Xocavənddəki Amaras monastırını ziyarət ediblər.
Senzor.az xatırladır ki, Xocavənd rayonunun Cütcü kəndi ərazisində yerləşən Amaras monastırı Qafqaz Albaniyasının ən qədim dini və mədəni mərkəzlərindən biri hesab olunur.
Qafqaz Albaniyası Alban Apostol Kilsəsinin mənəvi varisləri olan Alban-Udi Xristian dini İcma nümayəndələrinin bu qədim məbədi ziyarət etməsi onun tarixi və dini irsinin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Amaras monastırının tarixi IV əsrə gedib çıxır. Monastır Qafqaz Albaniyasının mühüm yepiskopluq mərkəzlərindən birinə çevrilib. VII əsr alban tarixçisi Musa Kalankatlının əsərlərində də Amarasın tarixi və dini əhəmiyyəti barədə məlumatlar yer alır. 1970-ci ildə Azərbaycan arxeoloqları tərəfindən aparılan tədqiqatlar zamanı məbədin altarının altındakı sərdabə aşkar edilib. Arxeoloji tədqiqatlar Amarasın müxtəlif dövrlərdə yenidən qurulduğunu göstərir. IV əsrdə əsası qoyulan ilkin məbəd X əsrdə yenidən inşa edilib. Monastır kompleksi sonrakı yüzilliklərdə dəfələrlə təmir və bərpa olunub, 1858-ci ildə isə köhnə özüllər üzərində yenidən qurularaq indiki memarlıq görkəmini alıb. Amaras yalnız xristian əhalinin deyil, müxtəlif dini inanclara mənsub yerli sakinlərin də ziyarət etdiyi müqəddəs məkanlardan biri olub. Tarixi-etnoqrafik məlumatlarda müsəlman əhalinin də buraya gələrək ziyarət etməsi qeyd olunur. Bu fakt Qarabağda əsrlər boyu formalaşmış dini və mədəni birgəyaşayış ənənələrinin göstəricilərindəndir.
İcma üzvləri monastırda dini ayinləri yerinə yetirib, şamlar yandırıb, Azərbaycanda və dünyada əmin-amanlığın qorunması üçün dualar ediblər.
Qeyd edək ki, Alban-Udi xristian dini icmasının əsas fəaliyyət istiqamətlərindən biri Qafqaz Albaniyasının dini irsinin, qədim məbədlərinin və dini ənənələrinin qorunmasıdır. İşğaldan azad edilmiş ərazilərdəki Alban məbədlərinin ziyarəti də bu fəaliyyətin mühüm istiqamətlərindəndir. İcmanın nümayəndələri müxtəlif vaxtlarda Laçındakı Ağoğlan, Kəlbəcərdəki Xudavəng monastırlarını, Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndindəki qədim dini abidələri də ziyarət ediblər.

