
Ötən gecə İran ordusunun döyüşçü Pilotsuz Uçuş Aparatları ABŞ ordusunun Küveytin Əli əl-Salem hərbi hava bazasındakı raket və PUA buraxılış qurğularına və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib.
Bu barədə İran ordusunun ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.
Məlumatda əlavə olunur ki, Əli əl-Salem hərbi hava bazası Qərbi Asiya regionunda hərbi qüvvələrin girişi və hava təchizatı üzrə əsas mərkəzdir və ABŞ ordusunun regiondakı hərbi və logistika strategiyasında əsaslı rola sahibdir.
İran ordusu qeyd edir ki, İran heç bir güc qarşısında təslim olmayacaq və istənilən hədə və hücuma qətiyyətli və coğrafiyasından asılı olmayaraq cavab verəcək.
Trend xatırladır ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.