Ukraynanın “Pasxa atəşkəsi”nin uzadılması ilə bağlı təklifi hələ də qüvvədədir. Bununla bağlı danışıqlar aparmaq üçün Rusiya tərəfindən ciddiyyət tələb olunur.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün Teleqram hesabında yazıb.
Zelenski bildirib ki, hazırda Rusiyanın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi kütləvi hücumdan sonra Xarkovda xilasetmə işləri davam edir. Zaporojyeyə də aviabombalarla zərbə endirilib, nəticədə yaşayış binalarına ziyan dəyib.
“Təəssüf ki, bir nəfər həyatını itirib. Ailəsinə və yaxınlarına başsağlığı verirəm. Təkcə bu hücum nəticəsində 20-dən çox insan yaralanıb, onlardan dördü uşaqlardır”, – deyə Prezident xatırladıb.
Bundan başqa, bu gecə Rusiya dronları Odessaya hücum edib. Rusiya Sumı, Xarkov, Donetsk və cənub vilayətlərini atəşə tutmaqda davam edir.
“Bütün bunlar Rusiyanın tam məqsədli terror aktıdır. Bu isə sadəcə bir əmr ilə dayandırıla bilər, lakin həmin əmr Rusiyada və Rusiya ordusu üçün verilməlidir. Pasxa bunu sübut etdi, belə ki, həmin vaxt Ukraynada hava həyəcanı siqnalları yox idi”, – deyə Zelenski vurğulayıb.
O xatırladıb ki, Ukrayna Pasxadan sonra sükutun uzadılmasını və onu tam atəşkəsə çevirməyi təklif edib.
“Mülki obyektlərə qarşı atəşin dayandırılması təklifimiz də qüvvədədir. Rusiyanın bu barədə danışıqlar aparmaq üçün ciddi hazır olması lazımdır. Ukrayna tərəfdən heç bir maneə yoxdur və olmayacaq”, – deyə o əlavə edib.