İstanbul zəlzələsindən sonra binaların strukturlarının zədələnməsi ilə bağlı qaynar xəttə 378 bildiriş gəlib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.
Onun sözlərinə görə, 12 binanın sakini təhlükəsizlik məqsədilə təxliyə edilib: “Binalara ziyan dəyməsi ilə bağlı 378 bildiriş daxil olub. Dərhal yoxlamalar apardıq. Ehtiyat tədbiri olaraq Fatih rayonunda biri tərk edilmiş bina olmaqla 12 binanı təxliyə etdik”.
O əlavə edib ki, mütəxəssislər yaxın 4 gün ərzində binalara ətraflı baxış keçirəcəklər: “Bu müddət ərzində vətəndaşlar istəsələr, cümə gününə qədər dərslərin bağlanacağı məktəblərdə müvəqqəti qala və gecələyə bilərlər”.
Bu arada Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) operativ qərargahında bildirib ki, zəlzələ nəticəsində xəsarət alanların sayı artıq 240-a çatıb.
Onun sözlərinə görə, yaralıların əksəriyyətinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb, onlara yerindəcə köməklik göstərilib: “Zəlzələ nəticəsində ümumilikdə 236 vətəndaşımız xəsarət alıb. Əsasən insanlar təşviş içində evlərindən çölə çıxan zamanı xəsarət alıblar. Onlardan 173-ü birbaşa İstanbuldadır”.