Hindistanın “Cox & Kings” turizm agentliyi mövcud geosiyasi vəziyyət fonunda Azərbaycan, Özbəkistan və Türkiyəyə bütün tur paketlərin satışını dayandırmaq barədə qərar qəbul edib.
Bu barədə “Hindustan Tayms” nəşri məlumat yayıb.
“Biz həmçinin hindistanlı səyahətçilərə ehtiyatlı olmağı və daha geniş geosiyasi mühitdə daha aydınlıq və uyğunlaşma olana qədər bu istiqamətlərə bütün qeyri-vacib səyahətlərdən çəkinməyi tövsiyə edirik”, - şirkətin direktoru Karan Aqarval bildriib.
“EaseMyTrip” turizm platforması da səyahətçilərə xəbərdarlıq edib ki, Türkiyə və Azərbaycan Pakistana dəstəyini ifadə ediblər və bu ölkələrə yalnız çox zərurət yarandıqda səyahət etmək tövsiyə olunur.
“Travomint” şirkəti hətta Türkiyə və Azərbaycana turist paketlərinin satışını tamamilə dayandırdığını elan edib.
Senzor.az müşahidəçilərə istinadən bildirir ki, turizm vasitəsilə təzyiq göstərmək cəhdləri Türkiyə ilə Azərbaycan arasında strateji müttəfiqliklərə təsir etməyəcək.
Azərbaycanın Pakistana dəstəyinin dərin tarixi kökləri var. İslamabad Qarabağ məsələsində, o cümlədən 2020-ci ildə 44 günlük müharibədə həmişə Bakının tərəfində olub. Pakistan hələ də Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina edir. Azərbaycan və Pakistan arasında əməkdaşlıq hərbi sahədə qarşılıqlı fəaliyyət də daxil olmaqla, geniş sahələri əhatə edir. Bakı, Ankara, İslamabad arasında üçtərəfli strateji tərəfdaşlıq xüsusilə fəal şəkildə inkişaf edir və bu, turizm üstünlükləri müqabilində yenidən nəzərdən keçirilməyəcək bir formatdır.