"Kiyev ultimatumlardan imtina etsə və Rusiya ilə ümumi dil tapmağa çalışsa, İstanbulda baş tutacaq Rusiya-Ukrayna danışıqları irəli gedə bilər".
Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçov bunu "İzvestiya" qəzetinə açıqlamasında deyib.
"İlk İstanbul təcrübəsi var. Məlumdur ki, çoxlu sayda mövqelər üzrə qarşılıqlı anlaşma əldə etmək mümkün olub və sənəd geri çəkilməzdən əvvəl Ukrayna nümayəndə heyətinin rəhbəri tərəfindən paraflanıb", - deyə o bildirib.
Senator hesab edir ki, Ukrayna yeni danışıqlarda bəzi ultimatumlardan əl çəkərsə, prosesdə ilk razılaşma cəhdindən daha çox irəliləyiş əldə edilməsi mümkün olacaq.
Konstantin Kosaçov vurğulayıb ki, bu danışıqlarda müəyyən məna var, lakin artıq "İstanbul 2.0" şəraitində təmas xəttindəki vəziyyəti və danışıqlar prosesinin dayandırılmasından sonra Ukraynanın mövqeyini nəzərə almaq lazımdır.