Rusiya Prezidenti Vladimir Putin Ukraynada qeyd-şərtsiz atəşkəs üçün danışıqlar masasına oturmalıdır.
Bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Tiranada “Avropa Siyasi Birliyi”nin sammitinin plenar iclasında çıxışı zamanı deyib.
"Əgər Rusiya danışıqlar masasına oturmasa, Putin bunun əvəzini ödəməli olacaq. Düşünürəm ki, dünənki gün (İstanbulda danışıqlar), artıq qeyd edildiyi kimi, daha bir sübutdur - Putin Ukrayna ilə sülh məsələsində ciddi deyil", - o bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciət edən Starmer vurğulayıb ki, o və bütün Ukrayna xalqı "dözümlülük və liderlik" nümayiş etdiriblər.
"Məhz bir neçə həftə əvvəl qeyd-şərtsiz atəşkəs təklif etməyiniz sülh uğrunda mübarizədə liderliyinizə nümunədir. Ukrayna, şübhəsiz ki, sülh tərəfidir. Biz hamımız, lazım gələrsə, hətta sanksiyaların tətbiqi ilə olsa belə, atəşkəsi təmin etmək üçün müttəfiq kimi birləşməliyik", - Baş nazir qeyd edib.(“Report”)