Mayın 17-də Qafqaz Biznes Mərkəzində Ədalət Partiyasının IX Qurultayı keçirilib.
Teleqraf xəbər verir ki, qurultayda seçkili orqanların hesabatları dinlənilib, partiyasının yeni sədri, Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvləri və Ali Məclisin üzvlərinin 1/3-i seçilib.
Qurultayın qərarı ilə bundan sonra partiyaya Mütəllim Rəhimli rəhbərlik edəcək.
Həmçinin partiyanın 56 rayon təşkilatının 54-nün qurultaya nümayəndələri seçilib və protokoldan çıxarışları təqdim olunub.
Qeyd edək ki, bu, Ədalət Partiyasının sədri İlyas İsmayılovun vəfatından sonra ilk qurultayıdır.
Qeyd edək ki, Ədalət Partiyasının sədri, keçmiş Baş prokuror, sabiq ədliyyə naziri və millət vəkili İlyas İsmayılov 2025-ci il fevralın 17-də 87 yaşında vəfat edib. Bundan sonra partiya daxilində gərginlik yaranıb. Nəticədə Ədalət Partiyası Ali Məclisinin sədri Meydan Babayev, onun birinci müavini Elçin Qurbanov, Siyasi Şura üzvləri Vüsalə Dadaşova, İlham Hüseyn və Mehman Əliyev siyasi təşkilatdan istefa veriblər.
Senzor.az xatırladır ki, Mütəllim Rəhimli 1973-cü ildə Tovuz rayonunda anadan olub. Gədəbəy rayonu, Düzrəsullu kənd orta məktəbini bitirib.
M.Rəhimli 1994-cü ildən Azərbaycan Demokrat Partiyasının (ADP) üzvü, 1995-ci ildən Mətbuat xidmətinin rəhbəri olub.
2000-ci ildə Ədalət Partiyası ilə Azərbaycan Demokrat Partiyası ayrıldıqdan sonra Ədalət Partiyasına keçib və Təşkilati məsələlər üzrə sədr müavini olub. Qurultaya qədər bu vəzifəni yerinə yetirib.
2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə və 2006-cı ildə Milli Məclisə təkrar seçkilərdə İlyas İsmayılovun Seçki qərargahının sədri olub.
2013 və 2018-ci illərdə Azərbaycan Respublikasının prezident seçkilərində Ədalət Partiyasının prezidentliyə namizədi İlyas İsmayılovun səlahiyyətli nümayəndəsi və Seçki qərargahının rəhbəri olub.
2015, 2019 və 2024-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə namizəd kimi iştirak edib.
Bütün bunlarla bərabər, M.Rəhimli həm də fFəlsəfə üzrə fəlsəfə doktorudur, 2007-ci ildən Bakı Avrasiya Universitetində çalışır. 2017-ci ildən həmin universitetin Regionşünaslıq və iqtisadiyyat fakultəsinin dekanıdır.
Onu da qeyd edək ki, Ədalət Partiyası 1993-cü ildə yaradılıb. 1996-cı il martın 30-da keçmiş Baş prokuror, sabiq ədliyyə naziri İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət Partiyası və Azərbaycan Demokrat Partiyası (ADP) növbədənkənar iclas keçirərək birləşiblər. İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri olublar. 2001-ci ildə Ədalət Partiyası ADP-dən ayrılmaqla bərpa qurultayı keçirib. İ.İsmayılov sədr seçilib və 2025-ci il fevralın 17-nə - dünyasını dəyişənə qədər onun rəhbəri olub.