Britaniyanın müxalif Mühafizəkarlar Partiyasının yüksək vəzifəli üzvləri torilərin reytinqinin az olması fonunda keçmiş baş nazir Boris Consonu siyasətə qayıtmağa çağırırlar.
Bu barədə "The Sun" qəzeti partiya rəhbərliyindəki mənbələrə istinadən məlumat yayıb.
“Boris Consonun köhnə qvardiyasının bəzi təmsilçiləri ona yazır və geri qayıtması ilə bağlı danışıq aparırlar”, - mənbə bildirib. Başqa bir yüksək səviyyəli partiya xadimi Consonun siyasətə mümkün qayıdışı ilə bağlı torilərin qərargahında iş aparıldığını söyləyib. Qəzet əlavə edib ki, bu cür söhbətlər partiyanın aşağı reytinqi fonunda fəallaşıb.
“YouGov” sosioloji şirkətinin mayın 20-də yaydığı sorğunun nəticələrinə görə, Mühafizəkarlar Partiyası populyarlıq baxımından dördüncü yerə düşüb: respondentlərin yalnız 16 %-i ona səs verməyə hazırdır. Naycel Farajın rəhbərlik etdiyi sağçı populist Böyük Britaniyanın Reform Partiyası seçicilərin ən böyük dəstəyinə (29 %) malikdir, ondan sonra hakim İşçi Partiyası (22%) ikinci, Liberal Demokratlar isə (17%) üçüncü yerdədir.
"Report"xatırladır ki, Leyboristlər Partiyası 2024-cü ilin iyulunda ümumi seçkilərdə 650 yerlik İcmalar Palatasında (parlamentin aşağı palatası) 412 yer qazanaraq hakimiyyətə gəlib. 2010-cu ildən hakimiyyətdə olan Mühafizəkarlar Partiyası isə İcmalar Palatasında cəmi 121 yer qazanıb, bu, indiyə qədərki ən pis nəticədir. Bundan sonra torilərin lideri Rişi Sunak istefa verib.