Gürcüstan Baş nazirinin müavini, daxili işlər naziri Vaxtanq Qomelauri istefa verib.
Senzor.az bildirir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
"Mən 10 ildən çoxdur ki, Gürcüstanın daxili işlər naziri, dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri və Baş nazirin müavini vəzifələrini tutmuşam. Əlbəttə, bu illər ərzində yüksək dövlət vəzifələrini tutmaq çox zəhmət tələb edən işdir. Bu gün, ölkədə sakit vəziyyət olduğu bir zamanda komandadan xahiş etdim ki, mənə ailəmə daha çox vaxt ayırmaq imkanı versinlər", - V.Qomelauri bəyanatında bildirib.
O qeyd edib ki, hakim "Gürcü Arzusu" partiyasının komandasına sadiq qalır və gələcəkdə dövlətin yanında durmağa hazırdır.
Xatırladaq ki, Vaxtanq Qomelaurinin adı ötən ilin payızında Tbilisidə nümayişləri dağıtdığına görə ABŞ, Böyük Britaniya və bir sıra Aİ ölkələrinin sanksiya siyahısına daxil edilib.
Bu arada Baş nazir İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib ki, artıq daxili işlər naziri vəzifəsinə təyinat olub və bu posta Gela Geladze gətirilib.
Gela Geladze indiyədək Dövlət Təhlükəsizliyi Xidmətində rəis müavini vəzifəsində çalışıb.