Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ərdoğan 30 illik işğaldan sonra yenidən azadlığa qovuşmuş Qarabağı bir daha görməkdən məmnun olduğunu söyləyib.
O deyib ki, Laçın Beynəlxalq Hava Limanının tikintisində Türkiyənin də 10-dan çox şirkəti iştirak edib.
Ərdoğan bildirib ki, Laçında Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şəriflə regional məsələlər, xüsusilə də üç ölkə ilə bağlı fikir mübadiləsi aparıblar: “Biz ticarət, investisiyalar, enerji əməkdaşlığı, ərzaq təhlükəsizliyi və Xəzər dənizindən keçən şərq-qərb mərkəzi dəhlizi kimi məsələləri qiymətləndirdik”.
Türkiyə liderinin sözlərinə görə, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə aparılan yenidənqurma və inkişaf fəaliyyətlərini qətiyyətlə dəstəkləyirlər: “Biz Cənubi Qafqazda sabitliyin, sülhün və rifahın bərqərar olmasına böyük əhəmiyyət veririk. Azərbaycan və Ermənistan arasında atılan addımları alqışlayırıq. Biz də sülh prosesinin inkişaf yolu ilə bağlı əldə olunan razılaşmanın sabitlik sazişinin mətni olacağına ümid edirik”.
Laçın Beynəlxalq Hava Limanının açılışından danışan Ərdoğan deyib ki, bu platforma bölgəni dünyaya birləşdirəcək, Laçını və ətrafını firavan gələcəyə hazırlayacaq: “Hava limanı təkcə yerləşdiyi regionun deyil, bütün Azərbaycanın potensialını, başqa sözlə, ölkə daxilində hərəkətə gətirəcək. Bu infrastruktur sərmayələri həm də sülhə yol açacaq. Türkiyə və Azərbaycan olaraq bir çox sahədə əməkdaşlığı inkişaf etdiririk və müdafiə, enerji, kənd təsərrüfatı və heyvandarlıq sahələrini strateji əhəmiyyətə malik görürük. Qidada tam müstəqillik milli təhlükəsizlik məsələsidir. Həm epidemiya, həm su müharibələri, həm də regional böhranlar dünyaya təchizat təhlükəsizliyinin vacibliyini bir daha göstərdi. Biz də Türkiyənin istehsal bazasına çevrilməsi üçün var gücümüzlə çalışırıq. İndi biz Azərbaycanla ərzaq təminatında daha sıx əməkdaşlıq etmək istəyirik. İnanıram ki, bu əməkdaşlıq Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan digər qardaş ölkələrimiz üçün də bir siqnal olacaq. Artıq tədarükümüz olan məhsullarda biz qardaş ölkələrə üstünlük verəcəyik. Birlikdə daha çox istehsal edib, daha çox paylaşaraq gələcəyə daha möhkəm addımlayacağıq”.