İyun ayında Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.
Senzor.az bildirir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən yaz sessiyasının sonuncu iclasında məlumat verib.
Spiker bildirib ki, bununla bağlı deputatlar tərəfindən təkliflər olub və müvafiq sərəncam imzalanıb.
Bildirilib ki, 85 deputat növbədənkənar sessiya üçün müraciət edib.
Qeyd edək ki, qanunverici orqanın Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır.
Növbədənkənar sessiyalar dövründə Milli Məclisin plenar iclasları, komitə və komissiyaların iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.
Xatırladaq ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-də bitir.