ABŞ Prezidenti Donald Tramp iş adamı İlon Maskı növbəti dəfə “dəli” adlandırıb.
ABŞ lideri ABC telekanalına müsahibəsində onunla görüşməkdə maraqlı olmadığını bildirib.
“Dəli oğlanı nəzərdə tutursunuz? Hazırda onunla danışmaq heç maraqlı deyil”, - Tramp jurnalistin müvafiq sualına cavabında deyib.
ABŞ Prezidenti həmçinin bildirib ki, onunla danışmaq istəyən Mask olub, amma o, iş adamı ilə danışmağa hazır deyil.
Bundan əvvəl ABŞ mətbuatında münasibətləri pozulan İlon Mask və Donald Trampın bu gün görüşəcəyi barədə məlumat yaymışdı.
Xatırladaq ki, Mask Trampın vergi qanunu layihəsini tənqid etdikdən sonra onların münasibətləri pisləşib. Tramp jurnalistlərə Maskdan məyus olduğunu söyləyib, ardınca isə sosial media hesabında onu “dəli” adlandırıb.
Mask cavabında Trampın “Epşteyn dosyesi”ndə (pedofiliya və fahişəliyin təşkilində ittiham olunan maliyyəçi) adı keçən bir fiqur olduğuna işarə edib. Milyarder, həmçinin Trampın impiçmenti ideyasını da dəstəkləyib.