"İsrail Dövləti tərəfindən İran İslam Respublikasının ərazisinə qarşı həyata keçirilmiş hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq".
Senzor.az bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin İsrail-İran qarşıdurması ilə bağlı yaydığı bəyanatda belə deyilir.
"Vəziyyətin gərginləşdirilməsini qəti şəkildə pisləyərək, tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırırıq.
Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğulayırıq.
Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində səylərin davam etdirilməsi əhəmiyyət kəsb edir", - bəyanatda qeyd olunub.
Xatırladaq ki, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Bir neçə yüksəkvəzifəli hərbçi və nüvə alimləri həlak olublar.