Milli mətbuatımızın 150 illik yubileyində məhz gənclərə yönəlik belə bir mötəbər forumun keçirilməsi ideyası təsadüfən yaranmayıb.
Senzor.az bildirir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin qəzet təsis etmək ideyası məhz gənc yaşlarında yaranıb və çoxsaylı cəhdlərindən sonra bu ideyanı yalnız 1875-ci ildə reallaşdıra bilib.
“Azərbaycan milli mətbuatının yaradıcılarının hamısı - Cəlil Məmmədquluzadə, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları və adlarını bu cərgədə qürurla ana biləcəyimiz bütün maarifçi ziyalıların hamısı gənc yaşlarında belə təşəbbüslə çıxış ediblər.
Onlar dövrün özünəməxsus çətinliklərinə, müxtəlif maneələrinə baxmayaraq, məqsədlərinə çatıblar. 150 illik mətbuatımızın tarixini yaradanlar Azərbaycanın ilk maarifçi gəncləri olublar. Biz bu gün zəngin tariximiz haqqında danışırıq, amma unutmayaq ki, bu, gənclərin yaratdığı tarixdir və bu prosesin məntiqi nəticəsi olaraq milli mətbuatımızın hazırkı estafetini də yeni nəsil gənclər, yəni sizlər qəbul etməlisiniz”, - o qeyd edib.
Ə.İsmayılov əlavə edib ki, indi dövrün çağırışları, zamanın tələbləri dəyişib, klassik maarifçilərimizdən fərqli olaraq Azərbaycan gənci indi müstəqil dövlətin vətəndaşıdır: “Vətən müharibəsində zəfər çalan ölkəmizin gənclərinin qarşıya qoyduqları məqsədlərə çatması üçün dövlətimiz tərəfindən bütün lazımi dəstək göstərilməkdədir. Məhz bu baxımdan milli mətbuatımızın yubiley tədbirləri çərçivəsində gənclərə yönələn ayrıca forumun keçirilməsi təşəbbüsümüz gənclərin kreativ potensialına olan böyük ümidlərimizdən və inamımızdan irəli gəlir".
O bildirib ki, son 5 ilə yaxın dövr ərzində ölkəmizdə həyata keçirilən media islahatlarının əsas məqsədi Azərbaycanın informasiya mühitinin qorunması, jurnalistikamızın potensialının gücləndirilməsidir. Medianın işində ciddi keyfiyyət dəyişikliyi müşahidə olunur.
Ə.İsmayılov söyləyib ki, Azərbaycanda gənclərin özünü ifadə etməsi, öz potensialını reallaşdırması üçün olduqca münbit və əlverişli şərait mövcuddur.
"İstedadlı gənclərimizin öz bilik və bacarıqlarını media sahəsində də realizə etmək üçün səylərini əsirgəməyəcəklərinə inanıram. Bu prosesdən qazanan Azərbaycan mediası, bütövlükdə ictimai fikrimiz olacaq”, - o vurğulayıb.