Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə ərazisində ikinci dövlətin mövcudluğuna icazə verməyəcəyini bəyan edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Baş nazir bu bəyanatı bu gün keçirdiyi mətbuat konfransında Qarabağdakı keçmiş separatçı rejimin "nümayəndəliyi"nin binasının müsadirəsi ilə bağlı Baş Prokurorluğun təşəbbüsü fonunda səsləndirib.
"Mən açıq şəkildə dedim ki, Ermənistanda ikinci dövlətin mövcudluğuna icazə verə bilmərəm. Bunu əvvəllər də demişdim və ümid edirdim ki, bu mesaj başa düşüləcək. Bir, iki, üç... Dövlət tədbirlər görməlidir", - o bildirib.
N.Paşinyanın sözlərinə görə, bu əmlak Ermənistanın mülkiyyətində olmalıdır.
Xatırladaq ki, Ermənistan Baş Prokurorluğu bu binanın mülkiyyət hüququnun dövlət qeydiyyatının etibarsız sayılması tələbi ilə Kadastr Komitəsinə qarşı məhkəmə iddiası qaldırıb.