Yaponiyanın Baş naziri Şigeru İşiba parlamentin yuxarı palatasına seçkilərdə onun Liberal Demokrat Partiyasının (LDP) uğursuzluğundan sonra tezliklə istefa verəcəyi ilə bağlı bir sıra Yaponiya KİV-lərinin məlumatlarını təkzib edib.
TASS-ın verdiyi məlumata görə, bu barədə o, jurnalistlərə öz partiyasının üç yüksək vəzifəli üzvü ilə görüşdən sonra bildirib.
"Keçmiş baş nazirlər Yoşihide Suqa, Fumio Kişida və Taro Aso ilə görüşdə mənim qalıb-qalmamağım və ya istefa verməyim barədə söhbət olmayıb. Bəzi KİV-lər bu barədə məlumat yayıb, lakin mən heç vaxt belə bəyanatlar verməmişəm. Bu məlumatlar həqiqətə uyğun deyil", - deyə o bildirib.
Daha əvvəl "Mayniçi" qəzeti İşibanın öz ətrafına avqustun sonuna qədər istefa verəcəyini elan etmək planları barədə danışdığını bildirmişdi. Kyodo agentliyi LDP-nin yüksək vəzifəli funksionerlərinə istinadən istefanı qaçılmaz adlandırıb. "Yomiuri" qəzeti isə İşibanın artıq iyulda istefa verə biləcəyini bildirib.