Qəzza zolağında atəşkəs əldə olunduqdan sonra Böyük Britaniya Fələstin dövlətini rəsmən tanıya bilər.
Senzor.az bildirir ki, bunu ölkənin baş naziri Kir Starmer X sosial şəbəkəsində yayımlanan videomüraciətində deyib.
“Ən yaxın müttəfiqlərimizlə birlikdə müharibədən əziyyət çəkənlərin həyatını yaxşılaşdıracaq real həll yollarına fokuslanaraq regionda davamlı sülhün təmin olunması üçün strategiya üzərində işləyirəm. Bu strategiya vacib atəşkəsi uzunmüddətli sülhə çevirməyə yönəlmiş konkret addımları əhatə edəcək. Fələstin dövlətinin tanınması da bu addımlardan biri olmalıdır. Bu məsələdə mövqeyim tam aydındır,” – deyə Starmer vurğulayıb.
O həmçinin əlavə edib ki, Fələstinin tanınması iki dövlət prinsipinə və həm fələstinlilər, həm də israillilər üçün uzunmüddətli təhlükəsizlik təminatına əsaslanan daha geniş sülh planının tərkib hissəsi olmalıdır.