Həbsdə olan keçmiş vəkil Adəm Məmmədov azadlığa buraxılıb.
Bu barədə APA-ya onun vəkili İmran Ələkbərov məlumat verib.
Adəm Məmmədovun həbs müddəti başa çatdığı üçün o, bu gün 9 saylı Cəzaçəkmə Müəssisəsindən azad edilib.
Xatırladaq ki, Adəm Məmmədov bu il martın 5-də həbs edilib. Bununla bağlı Nərimanov Rayon Məhkəməsi qərar verib.
Adəm Məmmədov vəkil Ceyhun Yusifovun iddiası əsasında Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, məhkəmə C. Yusifovun müraciəti əsasında A. Məmmədovun qardaşı Xəyyam Məmmədovu 6 ay müddətinə islah işləri cəzasına məhkum edib.
Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qismən ləğv edərək yeni hökm çıxarıb. Adəm Məmmədova Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə bəraət verilib. Həmin maddə üzrə təqsirin sübuta yetirilmədiyi qənaətinə gəlib. A.Məmmədov 147.2-ci (Böhtan) maddəsi ilə təqsirli bilinib və barəsində yeni hökm çıxarılıb.
Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27 yanvar tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətinə, vəkil Ceyhun Yusifovun fəaliyyəti isə 27.11.2024 tarixdən 1 illik dayandırılmışdı.
Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin ötən ay keçirilən iclasında məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul olunub.