Şair Əlisəmid Kür Hacı Tağı məscidində keçirilən vida mərasimindən sonra Salyan rayon qəbiristanlığında dəfn edilib.
Senzor.az bildirir ki, vida və dəfn mərasimlərində şairin yaxınları, rayon icitimaiyyətinin nümayəndələri iştirak ediblər. Onlar Əlisəmid Kürün yaradıcılığı barədə söhbət açıb, onunla bağlı xatirələrini bölüşüblər...
Xatırladaq ki, Əlisəmid Kür 8 fevral 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub. 1981-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb.
1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olub. 1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Yol" ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə "Yol" ədəbiyyat qəzetinin baş redaktoru vəzifəsində işləyib. Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib.
**11:16

Şair Əlisəmid Kür (Cəfərli) vəfat edib.
Bu barədə APA-ya şairin ailə üzvləri məlumat veriblər.
Ailəsinin bildirdiyinə görə, o, bu gün yaşadığı evdə dünyasını dəyişib.
Qeyd edək ki, səhhətində yaranan problemlər səbəbindən Əlisəmid Kür sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi.
O, bir neçə gün əvvəl ailəsinin istəyi ilə evə buraxılmışdı.
**
Son məlumata görə, Əlisəmid Kür doğulduğu Salyan rayonunda dəfn olunacaq.
Allah rəhmət eləsin!