Avropa diplomatiyasının rəhbəri Kaya Kallas İsraillə Fələstinin HƏMAS arasında sülhə nail olunmasında və israilli girovlarının azad edilməsində ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu vurğulayıb.
Bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Girovların azad edilməsi diplomatiya üçün böyük uğur və sülhə aparan yolda mühüm mərhələdir. Prezident Tramp bu irəliləyişi mümkün etdi", - Kallas yazıb.
O qeyd edib ki, Qəzzada sülhə nail olmaq çətin proses olacaq.
Avropa diplomatiyasının rəhbərinin sözlərinə görə, sülhün qurulması planının həyata keçirilməsi beynəlxalq dəstək tələb edir. O, həmçinin Aİ-nin Qəzza ilə Misir arasındakı sərhəddə müşahidə missiyasını bərpa edəcəyini açıqlayıb.
"Aİ töhfə verməyə hazırdır. Çərşənbə günü Qəzza ilə Misir arasındakı sərhəddə mülki müşahidə missiyası yenidən fəaliyyətə başlayacaq. Bu missiya atəşkəsin dəstəklənməsində mühüm rol oynaya bilər", - Kallas bildirib.
Qeyd edək ki, bu gün səhər HƏMAS ilk 7 israilli girovu azad edib.