“Ramiz Mehdiyevin əmri, tapşırığı, fitvası ilə məni, ailəmi bədbəxt edən, tifaqımızı dağıdan, övladlarımın gələcəyini məhv edən, məndən yaxşılıqdan başqa heç nə görməmiş jurnalistlərə, saytlara cavab vermək mənim üçün çox böyük əzabdır. Siz məndən nə soruşacaqsınız? Nə?”
Modern.az xəbər verir ki, bu fikirləri sabiq deputat Gülər Əhmədova akademik Ramiz Mehdiyevlə əlaqələri barədə suallara cavab olaraq bildirib.
O deyib: “Bu adamın əmri ilə, gecə- gündüz bilmədən sifarişlə yazdığınız şər- böhtanı təkzib etməyi? Mənim illərlə gördüyüm işləri, Respublika Uşaq Təşkilatında, "Mərkəz" qəzetində, millət vəkili kimi yorulmadan çalışmağımı bir anda unudub, məhz bu siyasi timsahın əmri ilə məndən, şərəfsiz, namussuz, qatil, oğru, dələduz yaratdığınız üçün mənim də dəyişib siyasi buqələmun olacağımı gözləyirsiniz? Səhv edirsiniz, yanılırsınız!”
G.Əhmədova Ramiz Mehdiyevi ilk dəfə harada tənqid etməyindən də danışıb: “Mən Ramiz Mehdiyevi ilk dəfə Gənclərin ikinci forumunda tənqid etmişəm. Həmin forumda rəhmətlik Ulu öndər, cənab Prezident İlham Əliyev və 2000 nəfər forum iştirakçısı vardı. Məhz "təhlükəli" çıxış etdiyim üçün zalda ölü bir sükut hökm sürürdü. Mən çıxışımı bitirəndə 1-2 saniyədən sonra rəhmətlik Ulu öndər və o zaman gənc olan cənab Prezident əl çaldı və zalı alqış sədaları bürüdü. Daha sonra, 2001-ci ildə bizi Respublika Uşaq Təşkilatının qərargahından çıxarmaq istəyərkən, mən cənab Prezident İlham Əliyevlə görüşdüm və ona çox şeyi danışdım. Hələ dahası da var... Amma bu söhbətlərə indi ehtiyac yoxdur”.
Sabiq deputat ona zəng edən jurnalistlərə səslənərək bildirib: “Əziz jurnalistlər, xanımlar və cənablar! Mənə zəng vurdurmayın. O cavan uşaqlara əziyyət verməyin. Yaddaşınızı təzələyin. Ramiz Mehdiyevin mənə və ailəmə nələr yaşatdığını sizlər çox yaxşı bilirsiniz. Sadəcə, onları yazın. Zamanında onun fitvası ilə yazdığınız şər-böhtanı yadınıza salın.
Sirus Təbrizlini, Alqış Musayevi, Musa Musayevi, məni - Gülər Əhmədovanı və daha neçə- neçə əsl Əliyevçini işsiz qoyan, siyasi karyerasını məhv edən, çərlədib öldürən, xəstə edən bu Siyasi Timsahı mənə tanıtmağa da ehtiyac yoxdur.
Gedin gah iqtidar, gah müxalifət olan, onun başına pərvanə kimi dolanan, indi əlində, "p.. yemişəm" qaşığı ilə gəzənlərdən fikir soruşun.
Mən kiməm ki? Mən zindanda, məzlum olarkən, səcdədə onu Allaha həvalə etmişəm. Mənə və ailəmə çəkdirdiklərinin 1000 qatını özü və ailəsi çəkəcək, inşallah!”
Xatırladaq ki, Gülər Əhmədova II, III və IV çağırış Milli Məclisin üzvü olub. 2012-ci ildə Gülər Əhmədovanın deputatlıqdan könüllü olaraq imtina etməsi barədə müraciəti aidiyyəti üzrə baxılmaq üçün Mərkəzi Seçki Komissiyasına göndərilib. Məsələ MSK-da səsverməyə çıxarılıb, nəticədə onun deputat mandatı ləğv edilib.
2012-ci ilin sentyabrında ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin eks-rektoru Elşad Abdullayevin yaydığı videoda deputat mandatı ilə bağlı bazarlıq faktı ölkədə ciddi səs-küy doğurmuşdu.
E.Abdullayev iddia edirdi ki, G.Əhmədova ona 2 milyon manat qarşılığında Milli Məclisə üzv seçiləcəyi vədi verib. Və onun bu bazarlığı Ramiz Mehdiyevlə birgə etdiyini bildirmişdi.
Elə həmin ilin (2012) noyabrında öz mandatından imtina edən G.Əhmədova bunu istintaqa kömək məqsədilə etdiyini vurğulamışdı.
2013-cü ilin fevralında Səbail Rayon Məhkəməsi keçmiş deputat Gülər Əhmədova barədə 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. İstintaq yekunlaşandan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb.
G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub.
2014-cü ilin mayında Bakı Apellyasiya Məhkəməsi həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işinə baxıb. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Gülər Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib.
Və Gülər Əhmədova məhkəmə zalından azadlığa buraxılıb.