Xəbər verdiyimiz kimi, oktyabrı 19-da Şimali Kiprdə seçkilər keçirilib və Ali Seçki Komissiyası Tufan Erhürmanın Prezident seçildiyini bəyan edib.
Cümhuriyyətçi Türk Partiyasının lideri olan Erhürman əvvəllər Baş nazir vəzifəsində çalışıb. O, hazırkı Prezident Ersin Tatarın siyasətinin sərt tənqidçilərindən biri olub.
Erhürman Türkiyə hakimiyyətinin Şimali Kiprlə bağlı təklifinə qarşı çıxır. O, kampaniya zamanı seçiləcəyi təqdirdə Kipr Respublikası ilə 2017-ci ildə dayandırılan rəsmi danışıqlara yenidən başlayacağını deyib.
Erhürman iddia edir ki, iki dövlətli həll Kipr türklərinin iqtisadi və siyasi təcridinə son qoymaq üçün real yanaşma deyil.
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Erhürmanı Prezident seçilməsi münasibətilə təbrik edib.
Modern.az-a açıqlamasında Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) xarici siyasət koordinatoru İlhan Üzgel bildirib ki, Şimali Kiprdə seçkilərin yüksək siyasi yetkinlik və mədəniyyət şəraitində keçirilməsini, həmçinin nəticələrə hörmətlə yanaşılmasını məmnuniyyətlə qarşılayırlar: “Partiyamız üçün kiprli qardaşlarımızın təhlükəsizliyi, rifahı və firavanlığı böyük önəm daşıyır.
Bizim üçün Şimali Kiprdə seçkilərin demokratik şəkildə keçirilməsi əsas məsələ idi. Kim qalib gəlirsə-gəlsin, biz Kipr türklərinin iradəsinə hörmətlə yanaşmaq məcburiyyətindəyik.
Partiya olaraq Şimali Kiprdəki bütün partiyalar və siyasətçilərlə əlaqələrimiz mövcuddur. Sədrimiz Özgür Özel vəzifəyə gəldiyi vaxtdan bəri Şimali Kiprə üç dəfə səfər edib”.
İlhan Üzgel Cumhuriyyətçi Türk Partiyası ilə əlaqələrinin mövcud olduğunu vurğulayıb: “Sədrimiz ilə cənab Tufan Erhürman sosial-demokrat partiya liderləri olaraq bir-birinə yaxındırlar. Lakin biz Kipr Türk xalqını hər zaman partiya fərqi qoymadan qucaqlamışıq. Əvvəlki hökumətlə də münasibətlərimiz vardı, təbii ki, yeni hökumətlə də təmaslarımız olacaq.
Ümid edirik ki, bu seçki Kipr probleminin həllinə töhfə verəcək və Kipr türklərinə daha çox təhlükəsizlik və rifah gətirəcək”.
Seçkilərdən sonra Türkiyədən sərt bəyanat verənlərdən biri də Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı olub. D.Baxçalı Şimali Kiprdəki seçkilərin nəticələrinə şübhə ilə yanaşıb.
O bildirib ki, Şimali Kiprdə baş tutan seçkidə seçici aktivliyi çox aşağı olub.
"Kipr türk icmasının taleyini bu aktivliklə təmsil etmək olmaz. Seçkilərin nəticələri seçki heyəti tərəfindən açıqlansa belə, Şimali Kipr parlamenti təcili toplanmalı, seçki nəticələrinin və federasiyaya qayıtmağın qəbuledilməz olduğunu bəyan etməli və Türkiyə Cümhuriyyətinin tərkibinə daxil olmağa qərar verməlidir", - partiya sədri qeyd edib.