
İran ABŞ və İsrail tərəfindən bombalanmış nüvə obyektlərini yenidən inşa edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Biz həmin obyektləri yenidən inşa edəcəyik və onların imkanları daha böyük olacaq", - deyə Prezident Administrasiyasının rəsmi "Telegram" kanalı M.Pezeşkianın sözlərini yayıb.
Xatırladaq ki, İsrail iyunun 13-ü gecə İrana qarşı əməliyyata başlayıb, onu gizli hərbi-nüvə proqramını həyata keçirməkdə ittiham edib. Hava bombardmanları və hücumlarının hədəfləri nüvə obyektləri, generallar, görkəmli nüvə fizikləri və aviabazalar olub.
İran ittihamları rədd edib və öz hücumları ilə cavab verib. Tərəflər 12 gün ərzində qarşılıqlı zərbələr endiriblər, buna iyunun 22-si gecə İranın nüvə obyektlərinə birdəfəlik hücum həyata keçirən ABŞ da qoşulub. İslam Respublikası iyunun 23-ü axşam ABŞ-ın Qətərdəki "Əl-Üdeyd" bazasına raket zərbələri endirib və ardınca gərginliyi davam etdirmək niyyətində olmadığını bildirib.
Daha sonra ABŞ Prezidenti Donald Tramp İsrail və İranın atəşkəs barədə razılaşdığını bəyan edib.