
İki böyük regional güc olaraq Tehran və Ankara regionda davamlı sülh, sabitlik və inkişafı təşviq etmək üçün sıx əməkdaşlığa sadiqdirlər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçi deyib.
Arakçi dünən Türkiyənin xarici işlər naziri Hakan Fidan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
O qeyd edib ki, "tamamilə isti və konstruktiv bir atmosferdə tərəflər ikitərəfli münasibətlərin artan trayektoriyasını nəzərdən keçirib və hər iki ölkə liderinin iqtisadi, ticarət, enerji, texnologiya, təhlükəsizlik və mədəniyyət sahələrində əməkdaşlığı dərinləşdirmək əzmini bir daha təsdiqləyiblər".
Arakçi əlavə edib ki, hər iki tərəf "Qəzza və İordan çayının Qərb sailindəki fəlakətli vəziyyətlə bağlı dərin narahatlıqlarını ifadə edib, İsrail rejimi tərəfindən törədilən soyqırımı qətiyyətlə pisləyib və bu cinayətlərə son qoyulması və rejimin beynəlxalq forumlarda məsuliyyətə cəlb edilməsinin təcili zərurəti barədə razılığa gəliblər".
Suriya və Livandakı hadisələrdən danışan Abbas Arakçi vurğulayıb ki, hər iki ölkə "bu dövlətlərin milli suverenliyinə, ərazi bütövlüyünə və birliyinə tam hörməti vurğulayır və davam edən İsrail təcavüzünü qətiyyətlə pisləyir".