
UNESCO Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlıdır. UNESCO Yusif Məmmədəliyevin 120 illik yubileyini, onun qlobal elm və mədəniyyət sahəsindəki töhfələrinin tanınmasında əhəmiyyətli addım hesab edir.
Senzor.az bildirir ki, bunu bu gün UNESCO baş direktorunun müavini Lidiya Brito Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfransın açılış mərasiminə ünvanladığı videomüraciətdə deyib.
Onun sözlərinə görə, Yusif Məmmədəliyev 20-ci əsrin kimyasında regional və beynəlxalq səviyyədə mühüm dəyişikliklərə səbəb olub: "UNESCO akademik Yusif Məmmədəliyevin elmi irsini yüksək qiymətləndirir. O həm regional, həm də qlobal elmə töhfələr verib, eyni zamanda Azərbaycanda elmi potensialın inkişafında mühüm rol oynayıb. UNESCO Məmmədəliyevin 120 illik yubileyini qlobal elm və mədəniyyət sahəsindəki töhfələrinin tanınmasında əhəmiyyətli bir addım hesab edir".
Xatırladaq ki, beynəlxalq konfrans bu gün işə başlayıb. Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkil etdiyi tədbir Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olan akademik Yusif Məmmədəliyevin elmi irsinin tədqiqi və müasir perspektivlər fonunda yenidən qiymətləndirilməsinə həsr olunub.