
Məşhur "Politico" nəşri Avropa siyasətində və idarəçiliyində təsir baxımından (həm daxildən, həm də kənardan) ən nüfuzlu şəxslərin reytinq cədvəlini açıqlayıb.
Senzor.az bildirir ki, ABŞ Prezidenti Donald Tramp illik reytinqdə birinci, Rusiya Prezidenti Vladimir Putin isə beşinci yeri tutub.
Nəşrin açıqlamasına görə, reytinq, adətən, avropalılarla məhdudlaşır, lakin Putin və Trampın Avropaya təsiri də nəzərə alınıb.
2025-ci ilin ikinci yarısında Avropa İttifaqı Şurasına sədrlik edən Danimarkanın Baş naziri Mette Frederiksenə reytinq siyahısında ikinci, AFR Kansleri Fridrix Mertsə isə “Almaniyanın yenidən silahlanmaya doğru dönməsinə” görə üçüncü yer verilib.
Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və NATO-nun Baş katibi Mark Rutte müvafiq olaraq yeddinci və səkkizinci yerdə qərarlaşıblar.
Siyahıda Macarıstanın Baş naziri Viktor Orban (12-ci yer), həmçinin Volodimir Zelenski (14-cü yer) və Avropa diplomatiyasının rəhbəri Kaya Kallas (16-cı yer) da var.