
Milli Məclisin sədr müavini Rafael Hüseynovun Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) istefa verdiyi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.
Bunu modern.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib.
O, qeyd edib ki, Rafael Hüseynovun nə istefa ərizəsi daxil olub, nə də belə bir niyyətinin olduğunu düşünmək üçün hər hansı əsas mövcuddur: "Bu cür iddialar reallıqdan uzaqdır və mümkün hesab edilə bilməz. Rafael Hüseynovla bağlı məsələ partiyadaxili xarakter daşıyır və ictimai müstəvidə şişirdiləcək bir mövzu deyil. Partiya nizamnaməsinə uyğun olaraq daxili intizam tədbiri görülüb və məsələ bununla da başa çatıb. Baş verənlərlə bağlı mətbuatda yayılan məlumatlar təəssüf doğurur. Ona görə ki, hadisələr şişirdilmiş və təhrif olunmuş formada cəmiyyətə təqdim edilir. Sanki məqsədli şəkildə süni konflikt və qarşıdurma görüntüsü yaradılmağa çalışılır. Halbuki əslində heç bir konflikt və ya qarşıdurma mövcud deyil. Bu məsələ VHP-nin nizamnaməsi çərçivəsində müzakirə olunub. Azərbaycan siyasi sistemində monolitliyi və daxili intizamı ilə seçilən Vətəndaş Həmrəyliyi Partiyası bu məsələni tam qapanmış hesab edir.
Digər tərəfdən, sizin sayt tərəfindən də belə bir məlumat yayılıb. Qeyd etmisiniz ki, Rafael Hüseynovla əlaqə saxlamaq mümkün olmayıb. Amma Rafael bəy tərəfindən istefa ilə bağlı VHP-yə hər hansı müraciət daxil olmayıb".
Qeyd edək ki, dekabrın 8-də Milli Məclisdə baş verən gərginlik siyasi gündəmin əsas mövzularından birinə çevrilib.
Belə ki, “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfrans zamanı vitse-spiker Rafael Hüseynovla Xalq şairi, sabiq deputat Sabir Rüstəmxanlı arasında mübahisə yaranıb.
Konfransa moderatorluq edən Rafael Hüseynov çıxış üçün dəvət olunmuş Sabir Rüstəmxanlının sözünü yarımçıq kəsib. Vitse-spiker bunun səbəbini ona ayrılan vaxtın bitməsi ilə izah edib.
Lakin Sabir Rüstəmxanlı bu münasibəti etirazla qarşılayıb, bildirib ki, əgər konfransa dəvət olunublarsa, fikir bildirmək üçün şərait də yaradılmalıdır. Rüstəmxanlının sözlərinə görə, moderator hər çıxışdan sonra uzun-uzadı izahat verdiyi halda qonaqlar üçün ayrılan vaxtı məhdudlaşdırmaq ədalətli deyil. Onun “Bu cür hörmətsizlik olmaz” ifadəsi mətbuatda müzakirələrin əsas sitatına çevrilib. Gərginlikdən sonra Xalq şairi konfransı yarımçıq tərk edib. VHP-də bu məsələyə baxılaraq Rafael Hüseynova töhmət verilib.