
Azad olunmuş ərazilərdə ümumilikdə 20-yə yaxın Türkiyə şirkəti 50-yə yaxın layihə icra edir və bu layihələrin dəyəri təqribən 5 milyard dollardır.
Senzor.az bildirir ki, bunu Baş nazir Əli Əsədov II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.
Baş nazir qeyd edib ki, ölkəmizin xüsusi iqtisadi zonalarında biznesin həyata keçirilməsi üçün hər cür əlverişli şərait yaradılıb: "İnvestorlar üçün cəlbedici şərtlər təklif edən Ələt Azad İqtisadi Zonasını xüsusi qeyd etmək istərdim. Bir sıra Türkiyə şirkətləri artıq sözügedən xüsusi iqtisadi zonalarda fəaliyyət göstərir. Burada investisiya qoyuluşu üzrə əməkdaşlıq üçün yaxşı perspektivlər görürük. Odur ki, Türkiyə şirkətlərini daha fəal olmağa dəvət edirik", - Baş nazir qeyd edib.
Ə.Əsədov onu da bildirib ki, Azərbaycanda 4 600-dən çox Türkiyə, qardaş ölkədə isə 3 000 Azərbaycan şirkəti fəaliyyət göstərir.
Onun sözlərinə görə, bugünədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 mlrd. dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 mlrd. dollar sərmayə qoyub: "Qarşılıqlı sərmayə qoyuluşunu bundan sonra da ardıcıl şəkildə davam etdirmək əzmindəyik. Bu investisiyalar hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verməklə yanaşı, xalqlarımızın rifah halının yüksəldilməsinə xidmət edir".