
Avropa Parlamenti (AP) ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı hədələrindən sonra Avropa İttifaqı ilə ABŞ arasında ticarət sazişinin ratifikasiyası prosesini dondurub.
TASS xəbər verir ki, bu barədə AP-nin siyasi qrupları məlumat yayıb.
“France-Presse” agentliyinin istinad etdiyi Sosial-demokratlar qrupunun (S&D) sədri İraçe Qarsia Peres bildirib ki, əksər siyasi qruplar 2025-ci ildə Aİ ilə ABŞ arasında bağlanmış ticarət sazişinin ratifikasiyasının dayandırılmasını dəstəkləyiblər.
ABŞ Prezidenti dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşdirilməsinin zəruriliyi barədə bəyanatlar verib. O, ilk prezidentlik dövründə də adanın satın alınması təklifini irəli sürüb. 2025-ci ilin martında isə onun anneksiya edilə biləcəyinə əminliyini bildirib.
Nəhayət, Tramp Qrenlandiya məsələsində ona problem yaradacaq Avropanın bir sıra ölkələrinə qarşı 10 faiz idxal tarifləri tətbiq ediləcəyini, iyun ayından etibarən isə bu rüsumların 25 faizə qədər artırılacağını açıqlayıb...
Qrenlandiya Danimarkanın tərkibinə muxtar ərazi statusu ilə daxildir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO üzrə müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiyanın müdafiəsi haqqında Müqavilə imzalayıblar. Həmin sənədə əsasən, ABŞ adanı mümkün təcavüzdən müdafiə etmək öhdəliyini üzərinə götürüb.