
ABŞ Prezidenti Donald Tramp Yaponiyanın Baş naziri Sanae Takaiçini koalisiyasının seçki qələbəsi münasibətilə təbrik edib.
Bu barədə ABŞ Prezidenti özünün "Truth Social" hesabında yazıb.
"O, çox hörmətli və çox populyar bir liderdir", Tramp yazıb və Sanaenin "seçki təyin etmək barədə cəsarətli və müdrik qərarının tamamilə haqlı olduğunu" qeyd edib.
O, Baş nazir və onun koalisiyasını dəstəkləməyin şərəf olduğunu söyləyib: "Sizə "Güc vasitəsilə sülh" adlı mühafizəkar proqramınızın həyata keçirilməsində böyük uğurlar arzulayıram. Bu qədər həvəslə səs verən gözəl Yaponiya xalqı həmişə mənim qəti dəstəyimi alacaq", - deyə ABŞ Prezidenti vurğulayıb.
Senzor.az xatırladır ki, fevralın 8-də Yaponiyada növbədənkənar parlament seçkiləri keçirilib. Parlamentin aşağı palatasına seçilmək üçün 1284 namizəd 465 yer uğrunda mübarizə aparıb. Nümayəndələr Palatasındakı 465 yerdən 289-u majoritar, 176-sı isə proporsional qaydada seçilməlidir.
Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi Liberal Demokrat Partiyasının (LDP) koalisiya bloku Nümayəndələr Palatasında çoxluq qazanıb. Belə ki, səsvermənin ilkin nəticələrinə əsasən, LDP və Yaponiya İnnovasiya Partiyasının koalisiya bloku 465 yerlik palatada çoxluğu təmin etmək üçün tələb olunan 233 yerlik həddi keçib. Ehtimallara görə, hakim blok Nümayəndələr Palatasında yerlərin üçdəikisinə sahib olacaq.