Azərbaycan hərbçiləri Gürcüstanda beynəlxalq təlimlərə qatılacaqlar.
Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
İki min dörd yüz nəfərdən çox hərbçinin qatılacağı təlimlər "Noble Partner 2022" ("Layiqli partnyor 2022") adı altında keçiriləcək.
Təlimlərin məqsədi Qara dəniz regionunda sabit və təhlükəsiz mühitin təmin edilməsi üçün regional tərəfdaşlar və müttəfiqlər arasında hazırlığın və qarşılıqlı uyğunluğun artırılmasıdır.
Nazirlikdən bildirilib ki, hərbi təlimlərdə Azərbaycan, ABŞ, Yaponiya, İsveç, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Almaniya, Bosniya və Herseqovina, Estoniya, Polşa hərbçiləri, Litvanın çoxmillətli briqadası iştirak edəcək.
Təlimlərin başlama tarixi açıqlanmayıb.
"Report" xatırladır ki, hərbi təlimlər Gürcüstanda altıncı dəfə keçiriləcək. İlk təlimlər 2015-ci ildə keçirilib.