Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Senzor.az Kremlə istinadən bildirir ki, tərəflər Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib, Rusiya sülhməramlılarının regionda sabitliyin təmin edilməsindəki roluna toxunublar.
"Dağlıq Qarabağ ətrafındakı vəziyyətin müzakirəsi davam etdirilib. Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl icrasının vacibliyi təsdiqlənib. Eyni zamanda, Rusiya sülhməramlı kontingentinin regionda sabitliyin təmin edilməsində rolu qeyd edilib”, - deyə Kremlin rəsmi məlumatında bildirilib.
Danışıq zamanı Rusiya ilə Ermənistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının bəzi aktual məsələlərinə də yer ayrılıb.
Telefon danışığının Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutduğu bildirilir.
Xatırladaq ki, Ermənistanın baş naziri ilə Rusiya Prezidenti arasında sonuncu söhbət avqustun 8-də olmuşdu. O zaman iki ölkə lideri Qarabağ ətrafında vəziyyətin inkişafı, o cümlədən Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə etmişdilər.