Avqustun 24-də qeyd olunan Ukraynanın Müstəqillik Günündə bu ölkənin Azərbaycandakı səfiri Vladislav Kanevski azərbaycanlı jurnalist, Haqqin.az informasiya-analitik portalının baş redaktoru Eynulla Fətullayevi mükafatlandırıb.
Senzor.az bildirir ki, bu barədə haqqin.az özü məlumat yayıb.
Qeyd olunur ki, səfir Vladislav Kanevski jurnalistə Rusiyanın təcavüzünün nəticələrini işıqlandırdığına görə təşəkkür məktubu təqdim edib.
Xatırladaq ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayanda jurnalist Eynulla Fətullayev Ukraynanın ən qaynar nöqtəsində - Donbasda olub. Müharibənin ilk günlərində həyatını təhlükəyə atan azərbaycanlı jurnalist rus qoşunları tərəfindən mühasirəyə alınan Xarkovdan reportajlar hazırlayıb.
Haqqin.az portalında və jurnalistin YouTube kanalında mühasirədə olan Nikolayev, Odessa, Kiyev, Buça, İrpen və Qostomeldən reportajlarla tanış olmaq olar. Jurnalistin materialları Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb.
Senzor.az