Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının 86-cı iclasında 19 sənəd imzalanıb.
Bu barədə MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Koordinasiya Xidmətinin sədri Aleksandr Manilov jurnalistlərə bildirib.
Manilov qeyd edib ki, bu gün təşkil edilən iclasın yekunlarına əsasən, MDB Sərhəd Xidmətləri Şurasının gələcək fəaliyyətini və işini tənzimləyən 19 sənəd imzalanıb.
Onun sözlərinə görə, əsas sənəd Birliyə daxil olan ölkələrin xarici sərhədlərində yaranan vəziyyəti nəzərdə tutur.
"Təəssüf ki, bu gün Mərkəzi Asiya regionu ölkələrinin sərhədində təhlükə qalmaqda davam edir. Ümumiyyətlə, dövlət sərhədlərində toqquşmalar dayanmır, bircə misal çəkə bilərəm: təkcə 2022-ci ildə və 2023-cü ilin əvvəlində Tacikistan sərhədçiləri 14 toqquşmanın qarşısını alıblar, bu zaman narkotik vasitələr keçirməyə cəhd edən 10-dan çox yaraqlı məhv edilib".
**13:29
Biz ölkələrimizin sərhədlərinin mühafizəsinə daha da diqqət yetirməli və bunu səmərəli etməliyik.
Bunu MDB Baş katibi Sergey Lebedev Bakıda Müstəqil Dövlətlər Birliyinin Sərhəd Qoşunlarının Komandanları Şurasının (MDB SQKS) 86-ci iclasında çıxışı zamanı deyib.
Lebedev qeyd edib ki, sülhməramlı səylər öz məqsədinə çatmır. Onun sözlərinə görə, dünyanın bir çox regionlarında ölkələrin sərhədlərində təhlükələr var.
“Bu gün biz MDB-nin sərhəd qoşunları çərçivəsində 2026-2030-cu illər üçün gələcək fəaliyyət planını işləyib hazırlayacağıq”, - o qeyd edib.
**12:30
Azərbaycan Dövlət Sərhəd Xidməti həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın ikitərəfli, regional və beynəlxalq səviyyədə həyata keçirilməsinə və inkişafına böyük əhəmiyyət verir.
Bunu DSX rəisi, general-polkovnik Elçin Quliyev MDB Sərhəd Qoşunlarının Komandanları Şurasının 86-cı iclasında çıxışı zamanı deyib.
“Qonşu ölkələrin sərhəd qurumları ilə qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Rusiya, Qazaxıstan, Türkmənistan, Gürcüstan, Türkiyə və İranın nümayəndələri ilə görüşlər və məsləhətləşmələr keçirilir, gələcək əməkdaşlığın yeni forma və üsulları nəzərdən keçirilir. Nümunə olaraq Xəzər dənizində rusiyalı və qazaxıstanlı həmkarlarla birgə əməliyyat-profilaktik tədbirlərin keçirilməsi təcrübəsini qeyd etmək istərdim. Sərhəd gəmilərinin qarşılıqlı dostluq səfərləri həyata keçirilir, sərhəd nəzarəti və əməliyyat orqanlarının xətti ilə işçi görüşlər keçirilir, Azərbaycan-Rusiya dövlət sərhədində demarkasiya işləri uğurla davam etdirilir, operativ məlumat mübadiləsi aparılır və Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan məsələlərlə bağlı əlaqələndirmə aparılır", - DSX rəisi vurğulayıb.
**12:27
Hazırda Azərbaycan davamlı inkişaf edir və şübhəsiz ki, sərhəd xidmətinin təşkilində də yeniliklər tətbiq edilir.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev Bakıda MDB Sərhəd Qoşunlarının Komandanları Şurasının 86-cı iclasında çıxışı zamanı bildirib.
Prezidentin köməkçisi bildirib ki, sərhədlərin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir.
Məhərrəm Əliyev xatırladıb ki, 44 günlük Vətən müharibəsinin nəticəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan öz torpaqlarını işğaldan azad edib.
Prezidentin köməkçisi diqqətə çatdırıb ki, sərhəd xidmətinin təşkil edilməsi, real çağırışlar əsasında təhlükəsizliyin təminatı böyük işlər tələb edir və MDB ölkələrinin müvafiq qurumları bu vəzifənin öhdəsindən uğurla gəlir.
**12:05
Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclası keçirilir.
Senzor.az xəbər verir ki, tədbirdə Azərbaycanla yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Tacikistan, Türkmənistan və Ermənistanın sərhəd xidmətləri, MDB-nin İcraiyyə Komitəsi, MDB-nin Antiterror Mərkəzi və Birliyin digər institutlarının nümayəndələri iştirak edirlər.
Tədbirdə MDB iştirakçısı olan dövlətlərin xarici sərhədlərində vəziyyət və onun inkişaf tendensiyaları, MDB üzv dövlətlərinin xarici sərhədlərindən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə 2023-cü ildə keçirilən və 2024-cü il üçün planlaşdırılan birgə əməliyyatlar, SQKŞ-nin 87-ci iclasının təşkili və gündəliyinin layihəsi nəzərdən keçiriləcək, eləcə də tədbirin gündəliyinə uyğun olaraq digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Bununla yanaşı, aidiyyəti nümayəndə heyətləri arasında ikitərəfli formatda görüşlər keçiriləcək, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.
Tədbir çərçivəsində iştirakçılar Dövlət Sərhəd Xidmətinin struktur bölmələrinin fəaliyyəti ilə tanış olacaqlar.