
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) 28-ci çağırışının yeni qanunvericilik ilinin açılışı münasibətilə parlamentdə çıxış edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Prezident Ərdoğan çıxışında siyasi partiyaların fəaliyyətində Türkiyənin milli maraqlarının əsas götürülməsinin vacibliyini vurğulayıb.
“Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır. Türkiyənin, öz daxili dinamikalarından güc alaraq, Türkiyəmərkəzli siyasət həyata keçirməsi lazımdır”, – deyə Prezident bildirib.
Ərdoğan TBMM-nin tarixi roluna da diqqət çəkib. O, 1920–1923-cü illər arasında parlamentdə aparılan müzakirələrin Türkiyənin yenidən qurulması prosesinin şahidi olduğunu qeyd edib.
Türkiyə Prezidenti yeni qanunvericilik ilində iqtidar partiyası və Cümhur İttifaqı olaraq konstruktiv mövqedə qalacaqlarını bildirib. O, fərqli fikir və təkliflərin dinlənilməsinə davam edəcəklərini də deyib.
Ərdoğan TBMM-nin nüfuzunun qorunmasının vacibliyini də diqqətə çatdırıb: “Milli iradənin təcəssüm etdiyi Türkiyə Böyük Millət Məclisinin nüfuzunu hər şeydən üstün tutmalıyıq”, – deyə o bildirib və yeni qanunvericilik ilində bu məsələyə xüsusi həssaslıq göstərəcəklərini qeyd edib.