
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatıb.
Senzor.az bildirir ki, bu barədə KİV-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 17-si oğlan, 4-ü qızdır.
Onlar Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
**12:06
Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir.
Senzor.az bildirir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Qeyd olunub ki, AQTA zəhərlənmə hadisəsini dərhal nəzarətə götürərək araşdırmalara başlayıb: "Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür. Aparılan ilkin araşdırmaların nəticələrinə görə, hadisəyə məktəbdə şagirdlərdən birinin təhsil müəssisəsinə gətirdiyi, istifadə müddəti bitmiş (vaxtı keçmiş) şirniyyat məhsulu səbəb olub".
**11:50
Sumqayıtda 36 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərin evdən gətirilmiş qənnadı məmulatından zəhərləndiyi iddia edilir.
Senzor.az bildirir ki, bu barədə KİV-in sorğusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, oktyabrın 2-də məktəbdə dərs prosesi zamanı bir qrup şagird özünü pis hiss edib: "Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər. İlkin ehtimallara əsasən şagirdlərdən biri tərəfindən evdən gətirilmiş qənnadı məmulatından sinif yoldaşlarının da istifadə etdiyi müəyyən edilib. Həmin qidadan istifadə etdikdən sonra məktəblilər özlərini pis hiss ediblər. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır".
**11:20
Sumqayıtda 36 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə olub.
Senzor.az bildirir ki, ilkin məlumata görə, 14 şagird zəhərlənib.
Qeyd olunub ki, hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
TƏBİB-dən KİV-in sorğusuna cavab olaraq bildirilib ki, saat 10:20 radələrində 11 oğlan, 3 qız zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub: "Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir".