Ölüm, sənin acığına...
TƏRANƏ MƏMMƏDOVANIN BACISI ŞƏFƏQ NASİR YAZIR
Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi Daxili Qoşunların Mətbuat Xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik-leytenant Təranə Məmmədova noyabrın 18-də dünyasını dəyişib.
 
Xatırladaq ki, T.Məmmədova 1992-2013-cü illərdə Daxili Qoşunlarda xidmət edib, sonuncu vəzifəsi Daxili Qoşunların Mətbuat Xidmətinin rəhbəri olub. 2013-cü ildə o, səhhəti ilə əlaqədar ehtiyata buraxılmışdı.

Bu gün T.Məmmədovanın 3 mərasimidir. Senzor.az bir daha qayğıkeş insan, peşəkar jurnalist, təcrübəli dövlət məmuru Təranə xanım Məmmədovanın vəfatından kədərləndiyini bildirir və bacısı, Azərbaycanın sayılıb-seçilən jurnalistlərdən biri, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasirin onunla bağlı “Facebook”da paylaşdığı qeydlərini oxucularına təqdim edir.

 
**
Sən nə dəhşətlisən, nə amansızsan, nə acısan, Ölüm! Son 2 ay 8 günün   içində ocağımızda tufan qopardın. Həyatımızı alt-üst etdin, sahmanımızı pozdun. Əvvəl bircə qardaşımız Nizamini caynağına alıb apardın. Onun itkisiylə varlığımızı sızlatdın, ürəyimizi qanatdın, yandırıb-yaxdın bizi. Qəddimizi dikəltməmiş, dərdimizə tablaşmamış evimizin sonbeşiyi Təranəni əlimizdən aldın. Qəsdin nəydi, ürəyimizə dağ basmaqmı, bizi göz yaşları içində boğmaqmı, dünyamızı zülmətə boyamaqmı?.. Off...  Üç gündü yoxluğunun acısı sinəmi yandırır, toparlanmaq bir yana, yolumu-rizimi belə itirmişəm. Bilmirəm hardayam, dünyanın hansı bucağındayam, çırpınıram, alışıb yanıram, Sanki çöllü-biyabanda  dəli kimi vurnuxuram. Qarabasmaların vahiməsi bağrımı yarır, qorxulardan qaçıb, özümə  bir künc tapa bilmirəm...
 
Neçə vaxtdı Sevillə bütün əziyyətlərinə qatlaşıb səni amansız, üzücü xəstəliyin caynağından qoparmağa çalışırdıq. Sənə bacımız yox, balamız təki qayğı göstərirdik. Əlimizdən gələni etdik, amma Fələk bizimlə çox sərt davrandı, zəhmətimizi havaya sovurdu, o yaraşıqlı, mavi gözlərinin işığını söndürdü, amma göz qapaqların yumulmaq bilmirdi. Yaş içində olan bəbəklərinin intizarını görmək elə ağırdı ki! Uzaqda olan Cavidindən, hələ əlini-ayağını yığışdırıb ev-eşik etmədiyin Fəridindən nigaran getdin. Can Təranəm, balaların bizdən betər gündədi. Kəsilən nəfəsinə, uşaq gileyini xatırladan ağlar səsinə qurban, ay bacı!  
 
Noyabrın 18-də bir çox saytların vəfatınla bağlı paylaşdığı xəbərləri yaşlı gözlərimlə oxudum. İndi bu sətirlərin sırasında keçdiyin həyat yolu haqqında yığcam bir açıqlama verməyi  təkcə bir bacı kimi yox, həm də həmkar olaraq özümə borc sanıram.
 
Təranə Oqtay qızı Məmmədova Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin məzunudur. Deməli, biz onunla bacı olmaqla yanaşı həm də həmkardıq. Fərq ondaydı ki, o, hərbi jurnalist idi. Təranə uzun illər (1992-2013) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmış, eyni zamanda “Əsgər” qəzetinin Baş redaktoru olmuşdu. Təranə Məmmədova xidməti vəzifəsi ilə əlaqədar daim hərbi hissələrdə olmuş, əsgəri xidmətdə olan gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına səy göstərmişdir. O, torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə vətən oğullarının qəhrəmanlığından bəhs edən portret oçerklərdən ibarət “Oğullar verir ki, can, yaşasın Azərbaycan”, “Nə xoşbəxtdir türkəm deyən” kitablarının müəllifidir. Polkovnik-leytenant Təranə Məmmədova dəfələrlə Daxili Qoşunların xətti ilə NATO, Moskva, Brüsseldə keçirilən tədbirlərdə ölkəmizi layiqincə təmsi etmişdir. Mən bu illərdə onun işinə can yanğısı ilə yanaşdığının, ölkəmizin ağır, çətin vaxtlarında gecəyədək iş başında olduğunun şahidiyəm. O, övladları Cavidlə Fəridi də vətənpərvər ruhda tərbiyə etmişdir. Vətənə  borcunu ləyaqətlə verməyə çalışan Əməkdar jurnalist Təranə Məmmədovanın ömür yolu həyata yenicə vəsiqə alan oğullarımıza əsl nümunədir...  
 
Hələ gecə bari-həmləsini yerə qoymayıb, zülmət pərdəsini göyün üzündən çəkməyib, dan üzünün yaxası sökülməyib. Dünyam bu gecənin hüsnü kimi qapqaradı, Təranə. Yorğun düşmüş canımla sabahın açılmasını gözləyirəm. Bu gün sənin 3 mərasimini keçirməkdən ötrü doğmalar, qohumlar, dostlarla bir arada olacağıq. Bil ki, yoxluğun həyatımız boyu bizi sızladacaq, qapqara Ölümün acığına səni həmişə qəlbimizdə, ruhumuzda yaşadacağıq. O gözəl çöhrən gözlərimizin aynasından çəkilməyəcək, fotoların, yaddaşımıza həkk olmuş xatirələrinlə həyatımıza davam edəcəyik. Səni əlimizdən alan o bədheybət olümü boğazlayıb, sevinməyə qoymayacağıq.
 
Son mənzilin mübarək, Təranə!







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.