
Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
İlham Əliyevin digər sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.
Qeyd edək ki, Sahib Rzayev 1977-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2011-ci ildə beynəlxalq hüquq ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib.
2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2008-ci ilədək Fövqəladə Hallar Nazirliyində baş müstəntiq, 2008-ci ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində Əməliyyat-istintaq idarəsinin İstintaq şöbəsinin rəisi, Əməliyyat-istintaq idarəsinin rəisi və Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik baş idarəsinin rəisi vəzifələrində çalışıb. 2025-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb. 2025-ci ilin iyul ayından son təyinata qədər Sahib Rzayev Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəisi vəzifəsində işləyib.