Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, ABŞ lideri Co Bayden onu Rusiyanın marağında olan gələcək ABŞ prezidenti haqqında söylədiyi sözlərə görə təhqir edib. Lakin Rusiya dövlətinin başçısı bu cür hücumları yalnız öz haqlılığının sübutu hesab edir.
Kremlin.ru-nun yaydığı məlumatda belə deyilir.
“Bu yaxınlarda siz məndən ABŞ-ın gələcək prezidenti vəzifəsində kimə üstünlük verdiyimizi soruşdunuz. Dedim ki, istənilən prezidentlə işləyəcəyik, amma inanıram ki, bizim üçün, Rusiya üçün Bayden daha yaxşıdır. Onun dediklərinə əsaslanaraq, mən tamamilə haqlıyam, çünki bu, mənim tərəfimdən deyilənlərə adekvat reaksiyadır”, - Rusiya lideri jurnalist Pavel Zarubinin sualını cavablandırarkən deyib.
Putin qeyd edib ki, Bayden ona deyə bilməzdi ki, “Volodya, afərin, sağ ol, mənə çox kömək etdin”.
“Biz daxili siyasi nöqteyi-nəzərdən orada baş verənləri başa düşürük və bu reaksiya tamamilə adekvatdır. Bu o deməkdir ki, mən haqlı idim”, - deyə Rusiya Prezidenti vurğulayıb.
Senzor.az xatırladır ki, ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini “başdanxarab it oğlu” adlandırıb. “Quardian” qəzetinin yazdığına görə, ABŞ Prezidenti deyib: “Bizim Putin və başqaları kimi başdanxarab it oğullarımız var və ona görə də həmişə nüvə münaqişəsindən narahat olmalıyıq. Lakin bəşəriyyət üçün ekzistensial təhlükə iqlimdir”.