
Son günlər jurnalistlərin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalmaları, fiziki zorakılıqla üzləşmələri və onların peşə fəaliyyətlərinə maneələrin yaradılması narahatlıq doğurur.
Senzor.az bildirir ki, Azərbaycan Respublikası Media və Yayım Şurasının yaydığı bəyanatda belə deyilir.
Qeyd olunub ki, jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyətin ictimai əhəmiyyətli hadisələr barədə məlumat almaq hüququna müdaxilədir. 
Bildirilib ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsi, onlara təzyiq göstərilməsi və təqib olunması yolverilməzdir.
"Azərbaycan Respublikası Media və Yayım Şurası jurnalistlərə qarşı zorakılıq və onların qanuni peşə fəaliyyətinə maneə yaradılması hallarını qətiyyətlə qınayır, baş vermiş hadisələrin operativ, hərtərəfli və obyektiv araşdırılacağına əminliyini ifadə edir, hər kəsi media nümayəndələrinin qanuni fəaliyyətinə hörmətlə yanaşmağa və onların peşə vəzifələrini təhlükəsiz, sərbəst və maneəsiz yerinə yetirmək hüququna riayət etməyə çağırır", - deyə bəyanatda vurğulanıb.