İtkin düşən və həbs edilərək Azərbaycanda saxlanılan erməni hərbçilərin yaxınları İrəvanda etiraz aksiyası keçirirlər.
Aksiya iştirakçıları Dəmirçiyan küçəsində parlamentin girişinə toplaşaraq spiker Alen Simonyanla görüş tələb edirlər.
Fəallardan biri və itkin düşən hərbçinin qohumu Arsen Qukasyan bildirib ki, etirazçılar gecəni Ermənistan parlamentinin qarşısında keçirib və spikerlə danışmaq istəyiblər. Onun sözlərinə görə, bir neçə deputat onlarla danışıb, lakin söhbət qısamüddətli olub.
"İqtidarı təmsil edən bəzi deputatlar etirazçıları sakitləşdirməyə və Simonyanın sözlərinə bəhanə tapmağa çalışsalar da, valideynlər spikerin şəxsən görüşə gələrək dediklərinə cavab verməsini tələb edirlər," - deyə yerli media yazıb.
Qeyd edək ki, dekabrın 7-də axşam saatlarında etirazçılar Respublika meydanını bağlayıb və bir neçə saat hökumət binasında olublar. Onlar sosial mediada yayılmış qalmaqallı video ilə bağlı izahat tələb etsələr də, etirazçılarla görüşə heç kim çıxmayıb. Bundan başqa, Şirak bölgəsindən olan məhbusların qohumları da vilayət administrasiyasının binasına toplaşaraq qubernator Nazeli Bağdasaryanla görüş tələb ediblər.
Azvision.az xatırladır ki, dünən sosial şəbəkələrdə Ermənistan parlamenti rəhbərinin erməni məhbuslarla bağlı sərt fikirləri olan video yayılıb. O, Azərbaycanda saxlanılan ermənilərin onun üçün əsir sayılmadığını etiraf edib. Simonyan həmin hərbçiləri fərari adlandıraraq, əsgərləri silahı ataraq qaçmaqda da ittiham edib. Bu da əsgər valideynlərinin qəzəbinə səbəbə olub. Spiker özü isə jurnalistlərə izahat verib ki, video montaj edilib, açıqlamaları tam təqdim olunmayıb.