Azərbaycanla Ermənistan arasında bütün problemlər həll olunmayana qədər Türkiyə Ermənistanla sərhədini açmayacaq.
APA-nın xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Ankarada “Türkiyə-Azərbaycan Dostqluq Vəqfi” və Türkiyə Böyük Millət Məclisinin təşkilatçılığı ilə Xocalı soyqımının 32-ci ildönümü münasibətilə baş tutan anım mərasimində çıxışı zamanı bildirib.
O qeyd edib ki, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları əks olunan Konstitusiyasını dəyişməlidir, əks halda belə bir dövlətlə sülh mümkün olmayacaq. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə bu prosesi yaxından izləyir.
Ş. Ayrım, həmçinin, iki ölkənin münasibətlərinin Şuşa Bəyannaməsindən irəli gələn prinsiplərə uyğun olaraq daha da dərinləşdirdiyini bildirərək, bütün türk dünyasının birləşməsinin son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.