Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.
XİN-dən Senzor.az-a bildirilib ki, görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.
C.Bayramov Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlığa əsaslanan, siyasi, iqtisadi, ticarət, nəqliyyat və kommunikasiyalar, mədəniyyət, humanitar və s. sahələr üzrə çoxşaxəli münasibətlərin son dövrlərdə intensiv xarakter alan ali və yüksək səviyyəli təmaslar nəticəsində inkişaf etməsinin məmnunluq doğurduğunu qeyd edib.
Regional və beynəlxalq təşkilatlar, xüsusilə ölkəmiz üçün prioritet istiqamətlərdən birini təşkil edən Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın davam etdirilməsinin zəruriliyi qeyd olunub.
Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi, bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsində əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.
Nazir C.Bayramov postmünaqişə dövründə bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, regional sülh və sabitliyi təhdid edən çağırışlar barədə həmkarını ətraflı məlumatlandırıb. Ermənistan tərəfindən son dövrlərdə daha intensiv xarakter alan siyasi və hərbi təxribatların, bu ölkənin sürətli silahlanaraq aqressiv ritorikasını davam etdirməsinin sülh prosesinə təhdid törətdiyi bildirilib.
B.Saidov COP29-a ev sahibliyi münasibətilə Azərbaycanı təbrik edib, bu mötəbər tədbirin təşkilatında uğurlar arzu edib, eyni zamanda Özbəkistanın keçiriləcək tədbirə töhfə verməyə hazır olduğunu söyləyib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.
**
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Antalya şəhərində Burkina Fasonun Xarici İşlər və Regional Əməkdaşlıq naziri Jan Mari Traore Karamoko ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, nazirlər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.
Hər iki nazir əməkdaşlığın daha da gücləndirilməsinə hazır olduqlarını bildiriblər.
Beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Tərəflər bir sıra istiqamətlərdə əməkdaşlıq potensialını vurğulayıblar.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
**13:05
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə Küveytdən olan həmkarı Abdullah Əli Əl-Yəhya ilə görüşüb.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.
Onlar iki dövlət arasında mövcud əməkdaşlığı müzakirə edib və bütün çoxtərəfli platformalarda qarşılıqlı dəstəyin vacibliyini vurğulayıblar.
**12:48
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Panama Respublikasının xarici işlər naziri Janaina Tevaney ilə görüşüb.
Senzor.az Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.
Nazirlər Azərbaycan və Panamanın coğrafi baxımından bir-birindən uzaq regionlarda yerləşməsinə baxmayaraq, iki ölkə arasında arasında iqtisadi, nəqliyyat, investisiyalar, alternativ enerji, mədəniyyət, humanitar və s. sahələr üzrə əməkdaşlığın inkişafı üçün imkanların mövcudluğundan bəhs edib.
Bu istiqamətdə potensialın həyata keçirilməsi üçün iki ölkə arasında siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi qeyd olunub.
Beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Qarşı tərəf cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı məlumatlandırılıb.
C.Bayramov, həmçinin postmünaqişə dövründə Azərbaycan tərəfindən bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesindən bəhs edib.
Nazir Janaina Tevaney COP29-a sədrliyi münasibətilə ölkəmizi təbrik edərək, Azərbaycanın bu məsuliyyətli tədbirin öhdəsindən uğurla gələcəyinə dair inamını ifadə edib. Panamanın ətraf mühitin qorunması, karbon emissiyasının sıfıra endirilməsi sahəsində geniş təcrübəyə malik olduğu və bu təcrübəni bölüşməyə hazır olduğu diqqətə çatdırılıb. Bu kimi təmasların iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinin müzakirəsi baxımından faydalı olduğu vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
**
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə Müdafiə Sənayesi Agentliyinin Prezidenti Haluk Görgünlə görüşüb.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Görüş zamanı iki qardaş ölkə arasında hərbi sənaye sahəsində əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub.
Bir sıra istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi, habelə digər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
**12:06
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev ilə görüşüb.
XİN-dən Senzor.az-a bildirilib ki, görüş zamanı Azərbaycan və Qırğızıstan arasında həm ikitərəfli müstəvidə, həm də çoxtərəfli platformalarda əməkdaşlığın aktual məsələləri, habelə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Nazirlər görüş zamanı ikitərəfli münasibətlərin hazırki səviyyəsindən məmnuniyyət ifadə edib, vaxtaşırı həyata keçirilən siyasi məsləhətləşmələrin, habelə yüksək səviyyəli səfərlərin və siyasi dialoqun bu münasibətlər üçün vacibliyini vurğulayıblar.
Nazir Ceyhun Bayramov Azərbaycan və Qırğızıstan arasında humanitar, siyasi, ticarət və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin geniş perspektivlərinin mövcudluğunu qeyd edib.
Nazir həmçinin çoxtərəfli platformalarda iki ölkənin bir birinin mövqeyinə verdiyi qarşılıqlı dəstəkdən məmnuniyyət ifadə edib, habelə BMT və Türk Dövlətləri Təşkilatı kimi platformalarda əməkdaşlığın vacibliyini vurğulayıb, bu il Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatı dövlət və hökumət başçılarının sammitinin əhəmiyyəti qeyd olunub.
Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi barədə məlumat verilib, bu çərçivədə əməkdaşlıq imkanları dəyərləndirilib.
Nazirlər həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə bərpa-yenidənqurma məsələlərini müzakirə ediblər.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
**11:47
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Antalya şəhərində qırğızıstanlı həmkarı Cinbek Kulubayevlə görüşüb.
Senzor.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.
Nazirlər qardaşlıq münasibətlərinin genişləndirilməsi, bir çox sahələrdə strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.