Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.
Senzor.az bildirir ki, turun son oyununda "Neftçi" və "Qarabağ" komandaları üz-üzə gəliblər. "Neftçi Arena"da reallaşan ölkə derbisi Ağdam klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında deyib ki, çox istəkli komandaya qarşı oynayıblar: “Bəlkə də matça tam istədiyimiz kimi nəzarət edə bilmədik. Futbolçuları təbrik edirəm. Azarkeşlər üçün də yaxşı görüş oldu. Stadionda yaxşı ab-hava var idi”.
"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç isə bildirib ki, komandası birinci hissədə yaxşı oynayıb: “Böyükhesablı məğlubiyyətə layiq deyildik”.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Kəpəz" " Sumqayıt"a 3:1, "Sabah" "Araz-Naxçıvan"a 2:0, "Səbail" "Qəbələ"yə 3:2 hesabı ilə qalib gəlib. "Zirə" - "Turan Tovuz" görüşü isə qollu sülhlə başa çatıb - 1:1.
Bu nəticələrdən sonra xallarını 60-a çatdıran "Qarabağ" turnir cədvəlinə başçılıq edir. "Səbail" 37 xalla 2-ci, "Neftçi" isə 36 xalla üçüncü pillədə qərarlaşıb.