“Bir tərəfində Türkiyə, digər tərəfində isə Azərbaycan bayraqları ilə kosmosda iki qardaşı təmsil edəcəksən. “Bir millət, iki dövlət” şüuru ilə bu səyahətin uğurla həyata keçəcəyinə əminəm”.
Senzor.az bildirir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan suborbital uçuşa hazırlaşan Türkiyə tarixində ikinci astronavt Tuva Cihangir Atasever ilə canlı bağlantı vasitəsilə söhbəti zamanı deyib.
Tuva Cihangir Atasever öz növbəsində bildirib ki, “Azərbaycan və Türkiyə bayraqları Yer kürəsində daima yan-yana olduğu kimi, mənim kosmosa səyahətimdə də yan-yana sinəmin üstündə yerini alacaq”.
Kosmonavtın anasının azərbaycanlı olduğuna bir daha toxunan Türkiyə Prezidenti bu uçuşun gənc nəslin elmə olan marağını artıracağını ifadə edib.
Qeyd edək ki, ABŞ-ın “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan suborbital uçuşa hazırlaşan Türkiyə tarixində ikinci astronavt Tuva Cihangir Atasever iyunun 8-dəki missiya zamanı üzərində Türkiyə və Azərbaycan bayraqlarının işləmələri olan forma geyinəcək.
Bundan əvvəl Türkiyənin ilk astronavtı Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyaya bu il yanvarın 18-də uçub.