İyunun 12-də Astanada Orta Dəhliz üzrə əməkdaşlığı inkişaf etdirmək üçün Avropa İttifaqı-Mərkəzi Asiya Koordinasiya Platforması işə başlayacaq.
Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gün Astanada Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev və Avropa Komissiyasının beynəlxalq əməkdaşlıq üzrə baş direktoru Henrik Hololey və Avropa İttifaqının (Aİ) Qazaxıstandakı səfiri Kestutis Yankauskas arasında görüş keçirilib:
“Görüş zamanı tərəflər iyunun 12-də Astanada keçirilməsi planlaşdırılan Orta Dəhliz üzrə əməkdaşlığın inkişafı üçün Aİ-Mərkəzi Asiya Koordinasiya Platformasının açılışını müzakirə ediblər”.
Görüş zamanı əsas alternativ marşrut kimi Asiyanı Avropa ilə birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafına xüsusi diqqət yetirilib.
Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ildən fəaliyyət göstərir və Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə qədər uzanır. 2023-cü ildə bu marşrutla 2,8 milyon tona yaxın yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 % çoxdur. 2024-cü ildə yükdaşımaların həcmi 4 milyon tonu keçəcək. Bu ilin sonunadək Orta Dəhliz vasitləsilə 250-yə yaxın konteyner bloku qatarının göndərilməsi planlaşdırılır. Bununla yanaşı, iyun ayından etibarən Lyanyunqan limanından, eləcə də Sian limanından Bakıya konteyner bloku qatarları göndəriləcək.