“Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları səhər tezdən Ermənistan hökumətinin binası yaxınlığına toplaşıblar.
Senzor.az bildirir ki, əvvəlcə onlar aksiyalarını hökumətin iclası ilə eyni vaxta təyin etmək istəyiblər, lakin sonradan məlum olub ki, baş nazir Nikol Paşinyanın parlamentdə büdcənin yekun müzakirəsində iştirakı ilə əlaqədar iclas cümə gününə təxirə salınıb.
Buna baxmayaraq, nümayişçilər Respublika meydanını tərk etmirlər. Hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyan binanı qoruyan polisə müraciət edərək onları “hakim partiyanın maraqlarına xidmət etməyi dayandırmağa” çağırıb.
O, öz növbəsində tərəfdarlarını polislə təmasda olmamağa çağırıb və deyib ki, təhlükəsizlik qüvvələri “xalqa deyil, hakimiyyətə xidmət edərkən başlarını aşağı salıb yeriməlidirlər”.
"Polislər özlərini bu mövqeyə qoydular - rədd edildilər və rüsvay oldular", - deyə Qalstanyan vurğulayıb.
Yeri gəlmişkən, Qalstanyanın çıxışı zamanı polislər qalxanlarla sifətlərini örtərək etirazçılardan nümayişkaranə şəkildə üz döndəriblər, vətəndaşlar isə arxalarınca onların ünvanına “Ar olsun!” şüarları səsləndiriblər.
Aksiya zamanı Qalstanyanla polis rəhbərliyi arasında söz davası yaşanıb, vəziyyət gərgin olaraq qalır.
Arxiyepiskop onu da bildirib ki, saat 20:00-da “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları müxalifətin çadır şəhərciyi qurduğu Baqramyan-Dəmirçyan küçələrinin kəsişməsinə toplaşacaqlar.
Senzor.az